İDMAN
Hərbçilərin güləş üzrə dünya çempionatının üçüncü günü Azərbaycan bir medal qazanıb
Bakı, 22 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının üçüncü günündə - sentyabrın 22-də Azərbaycanın bir idmançısı bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışda bu gün yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxıblar.
Təmsilçimiz Murad Məmmədov 59 kiloqram çəki dərəcəsində ilk görüşdə ukraynalı Viktor Petriki 9:1 hesabı ilə məğlub edib.
ABŞ idmançısı İldar Hafizov üzərində 9:0 hesabı ilə qələbə qazanan Murad Məmmədov bürünc medala sahib olub.
Bununla da Azərbaycan komandası 7-ci medalını qazanıb.
71 kiloqram çəki dərəcəsində yarışda xalça üzərinə çıxan Sənan Əlimirzəyev ilk görüşdə Litva güləşçisi Sleiva Kristupasa 11:4 hesabı ilə qalib gəlsə də, digər görüşlərdə məğlub olub.
Kərim Cəfərov isə medal uğrunda mübarizəni dayandırıb.
Məşqlər zamanı zədələndiyinə görə isə Həsən Əliyev yarışlarda iştirak edə bilməyib.