HƏRBİ QULLUQÇULARIN SOSİAL MÜDAFİƏSİ GÜCLƏNDİRİLİR
Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə bəzi qanunlara təklif olunan əlavə və dəyişikliklər hərbçilərin birbaşa sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş humanist addımdır.
“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif olunan əlavələrdə deyilir ki, hərbi qulluqçular qan verdikdə həmin gün hərbi xidmətin bütün növlərindən azad olunurlar.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Sərdar Məmmədov ikinci məsələ ilə əlaqədar demişdir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Hərbi xidmət haqqında” qanunlara bir sıra əlavələrin və dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklərdə hərbi qulluqçulara məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsi, müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyaların məbləğinin artırılması və sair güzəştlər nəzərdə tutulmuşdur. Mənzil kirayəsi üçün kompensasiya hərbi qulluqçuya şərti maliyyə vahidi məbləğinin 25 mislindən, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizindən az olmayaraq veriləcəkdir. Bundan başqa, layihələrdə, hərbi qulluqçular üçün yaşayış sahələrinin, eləcə də xidməti mənzillərin tikintisinin bu məqsədlər üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi, hərbi rütbələrin verilməsi illərinin artırılması və digər müddəalar da əksini tapmışdır.
Sonda layihələrin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.