SİYASƏT
Həştərxan meriyasında azərbaycanlı gənclərin iştirakı ilə iclas keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Həştərxan administrasiyasının akt salonunda Həştərxan meri yanında Gəncləri Əlaqələndirmə Şurasının iclası keçirilmişdir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) fəal üzvü Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, bu tədbir Həştərxan şəhər administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin gənclər siyasəti şöbəsi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan vilayət bölməsi tərəfindən təşkil edilmişdir.
Həştərxan Dövlət Texniki Universitetinin tələbəsi Günel Eyvazova “Tolerantlıq və millətin sağlamlığı” mövzusunda məruzə ilə çıxış etmişdir.
RAGB Həştərxan bölməsinin rəhbəri Elvin Hüseynov 2012-ci ildə azərbaycanlı gənclər arasında aparılmış iş haqqında söhbət açmışdır.
ÜAK regional bölməsinin sədri Ədalət Hüseynov Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbirlər və cari ilin aprel ayında Həştərxanda keçiriləcək Rusiyanın Azərbaycanlı Gənclərinin Forumu haqqında iclas iştirakçılarına ətraflı məlumat vermişdi.
Gəncləri Əlaqələndirmə Şurasının iclasının rəsmi hissəsindən sonra azərbaycanlı uşaqların iştirakı ilə konsert olmuşdur.
İclasda Həştərxan şəhəri rəhbərliyinin. Gənclərin ictimai və milli təşkilatlarının nümayəndələri, ali və orta ixtisas məktəblərinin tələbə özünüidarə qurumlarının rəhbərləri iştirak etmişlər.