“HEYDƏR ƏLİYEV İDEYALARI: AZƏRBAYCANIN BU GÜNÜ VƏ GƏLƏCƏYİ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini və icraçı katibi Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri, YAP sədrinin müavini Əli Nağıyev, Milli Məclisin deputatı, YAP sədrinin müavini Murtuz Ələsgərov və başqaları ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Dahi şəxsiyyətin nəhəng dövlətçilik və siyasi fəaliyyətindən söhbət açan natiqlər əminliklə bildirdilər ki, dünya səviyyəli siyasi xadim olan ulu öndərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti Vətənə sevgi, xalqa məhəbbət nümunəsidir. Xalqımızı dünyada tanıtmaq, Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq və onu möhkəmləndirmək ulu öndərimizin amalı olmuşdur. Müstəqilliyimiz Heydər Əliyevin təməlini qoyduğu möhkəm sütunlar üzərində əzəmətlə ucalır.
Heydər Əliyevin tarixi reallığa söykənərək, Yeni Azərbaycan Partiyasını yaratdığını diqqətə çatdıran natiqlər dedilər ki, YAP üzərinə düşən missiyanı layiqincə yerinə yetirməkdədir. Cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan bu partiya, monolit təşkilat olaraq, ictimai-siyasi proseslərdəki aparıcı rolunu davam etdirmək əzmindədir.
Azərbaycanın dünəni, bu günü və gələcəyi ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev, hələ Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən ölkəmizin iqtisadiyyatının inkişafına nail olmuş, xalqımızın milli- mənəvi dəyərlərinin qorunmasına diqqət göstərmiş, bütün fəaliyyətini respublikamızın işıqlı sabahına yönəltmişdir.
Çıxışlarda belə bir fikir təkrar-təkrar səsləndi ki, Heydər Əliyev müstəqil Azərbaycanı milli sərvət kimi xalqımıza bəxş etmişdir. Qədirbilən xalqımız dahi oğlunun ideyalarına həmişə sadiq olacaqdır. Onun ideyaları, müəyyənləşdirdiyi strateji siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir və bu yol Azərbaycanı hər baxımdan qüdrətli dövlətə çevirəcəkdir. Əminliklə qeyd olundu ki, Prezident İlham Əliyevin apadığı uğurlu siyasət bundan sonra da öz bəhrələrini verəcəkdir.