Heydər Əliyev Sarayında Xocalı soyqırımının 20 ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Heydər Əliyev Sarayında Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində Xocalı dəhşətlərini əks etdirən kitab və fotoşəkillərlə tanış olmuşlar.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə sarayın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev faciənin mahiyyəti və acı nəticələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda misli görünməmiş, insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmiş, cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlını qəddarcasına, dözülməz işgəncə ilə öldürmüş, 487 nəfərə ağır xəsarət yetirmiş, 1275 sakini isə girov götürmüşlər. Əsir və girov götürülmüş vətəndaşlar ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar.
Çıxış edənlər XX əsrin sonlarında işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsindən, azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən danışmış, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamış, bəzi dövlətlərin azərbaycanlıların başına gətirilmiş bu və digər faciələrə biganə yanaşmalarını təəssüf hissi ilə qeyd etmişlər.
Tədbirdə sarayda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin 4-cü kurs tələbələri Xocalıya aid şeirlər səsləndirmişlər.
Sonda “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.