“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda elan edilmiş məqalə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra tədbir BMM-də davam etdirilmişdir.
Mərasim Aşıq Şəmşirin ulu öndərə həsr etdiyi “Zərli tac kamallı başa yaraşır” poeması əsasında çəkilmiş eyniadlı sənədli filmin nümayişi ilə başlamışdır.
İctimai Birliyin rəhbəri, Aşıq Şəmşirin nəvəsi, Milli Məclisin deputatı Cavid Qurbanov babasının ulu öndərə böyük hörməti olduğunu bildirmiş, hələ ötən əsrin 70-ci illərində yazılmış poemanın tarixindən danışmışdır.
Milli Məclisin deputatları Jalə Əliyeva, Fəzail Ağamalı, Elmira Axundova, BDU-nun prorektoru Sani Hacıyev və başqaları müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü ərzində ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrindəki dirçəliş və quruculuq tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişlər.
Vurğulanmışdır ki, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, onun demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət danılmazdır. Azərbaycanın ən çətin dövründə, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin mühüm diplomatik səyləri nəticəsində respublikada sabitlik bərpa olunmuş, ölkənin müxtəlif sahələrində olduğu kimi, elm və təhsildə də dirçəliş baş vermişdir.
Tədbirdə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi Knyaz Aslan müsabiqəyə fakültənin bakalavriatura pilləsinin tələbələrinin təqdim etdikləri 60 məqalədən 10-nun seçildiyini bildirmişdir. Birinci kurs tələbəsi Gülər Abdullayeva, dördüncü kurs tələbəsi Aysel Həsənova və Əli Hüseynli müvafiq olaraq I, II və III yerləri tutmuşlar. Həmçinin Daşqın Məhəmmədli, Rüfanə Nəzirli həvəsləndirici mükafatlara və Günay Həsənova, Elvin Zeynalov, Həcər Abbaslı, Fidan Səttarova, Tünzalə Nəsibova isə ictimai birliyin fəxri diplomlarına layiq görülmüşlər.
Sonda tələbələrə pul mükafatları, fəxri diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.