“Hilton Baku” otelinin nümayəndələri Azərbaycan Turizm İnstitutunda olmuşlar
Bakı, 16 may (AZƏRTAC). “Hilton Baku” otelinin nümayəndələri “Hilton Baku” otelinin təşəbbüsü ilə “Karyera həftəsi” layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunun (ATİ) tələbələri ilə görüşmüşlər.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə otelin baş meneceri Todori Kalamaris institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ilə görüşmüşdür.
C.Cəfərov tanınmış turizm mütəxəssislərini ATİ-də görməkdən məmnunluğunu ifadə etmiş, belə görüşlərin mütəmadi xarakter almasında maraqlı olduğunu bildirmişdir. Rektor diqqətə çatdırmışdır ki, dünyanın aparıcı otel brendi sırasında layiqli yeri olan “Hilton Baku” otelinin nümayəndələrinin tələbələrlə görüşü ATİ-nin məzunlarının uğurlu karyera qazanmasına təkan verə bilər.
Sonra otel nümayəndələrinin tələbələrlə görüşü təşkil edilmişdir. Təqdimat-seminar formatlı tədbirdə otelin baş meneceri T.Kalamaris və insan resursları şöbəsinin əlaqələndiricisi Rəşad Hüseynzadə çalışdıqları otellər şəbəkəsinin əsasının 95 il əvvəl ABŞ-da Konrad Hilton tərəfindən qoyulduğunu, “Dünyanı qonaqpərvərlik işığı və istisi ilə sevindirək” devizinə həmişə sadiq qaldığını xüsusi vurğulamışlar. Qeyd edilmişdir ki, qonaqpərvərlik biznesində təkcə otellər şəbəkəsindəki otaqların sayına görə deyil, göstərilən yüksək xidmət mədəniyyəti sayəsində mənfəətlə bərabər, nüfuz da qazanmaq olar. İş prosesində komanda fəaliyyətinə xüsusi önəm verildiyi üçün “Hilton Baku” otelinin nüfuzu gündən-günə artır.
Tələbələrə CV-lərin tərtib edilməsi qaydaları və müsahibə zamanı özünü təqdim etmək bacarığı barədə ətraflı məlumat verilmiş, onların sualları cavablandırılmışdır.