Hindistan səfirliyində “Çölçü” filminin rejissoru ilə görüş
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanda çəkilən filmlər böyük peşəkarlıqla ekranlaşdırılır. Azərbaycan filmləri Hindistanda müxtəlif film festivallarında dəfələrlə nümayiş olunub. Hindistan kino ulduzlarının bütün dünyada tanınmasına baxmayaraq artıq bizim ölkədə azərbaycanlı rejissorların ekran əsərlərinə böyük maraq var. Hər il müxtəlif ölkələrdə hind filmlərinə həsr olunmuş festivallar təşkil edilir. Növbəti belə bir festivalı Bakıda keçirməyi nəzərdə tuturuq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” ("Golden Fox Award") mükafatına layiq görülən azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filminə həsr edilmiş mətbuat konfransında deyib.
Hindistanın Azərbaycandakı səfirliyində təşkil olunan tədbirdə rejissoru təbrik edən diplomat ona yeni uğurlar arzulayıb.
Sonra Şamil Əliyev ekran əsəri barədə məlumat verib. Deyib ki, 2012-ci ildə çəkilən "Çölçü" filmi 120 yaşlı Azərbaycan kinosunun uğurlu nümunələrindən biridir. Arxaik və qloballaşan dünyanın toqquşması mövzusuna həsr olunan "Çölçü" indiyə kimi 35 beynəlxalq festivalda iştirak edib. Film 5 "Ən yaxşı film", 3 "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.
Rejissor deyib ki, Kəlküttədə keçirilən festivalda 75 ölkədən müxtəlif kateqoriyalar üzrə filmlər yarışıb. Yarışmada qalib filmlər 7 ölkəni təmsil edən peşəkar münsiflər tərəfindən qiymətləndirilib. "Çölçü" filmi əvvəlcə bu ilin mart ayında "Ən yaxşı bədii film" mükafatı alaraq 10 seçilmiş film sırasında qərarlaşıb. Sonra 10 film içərisindən seçilərək "Qızıl Tülkü" baş mükafatına layiq görülüb.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.