Hindistanda avtomobil qəzasında azı 28 nəfər ölüb
Bakı, 6 mart, AZƏRTAC
Hindistanın Qucarat ştatında toy mərasiminə gedən 60-a yaxın adamı aparan yük avtomobilinin körpüdən aşması nəticəsində azı 28 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 7:30 radələrində Rangola kəndi yaxınlığındakı magistral yolda baş verib. Ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilir. Güman olunur ki, ölənlərin sayı daha çoxdur. Hazırda hadisə yerində axtarış işləri aparılır. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Yerli polisin ilkin rəyinə əsasən, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Avtomobil təxminən 6 metr hündürlükdəki körpüdən aşaraq kanala düşüb.