Hökməli qəsəbəsində çətənə kolları yetişdirən şəxs saxlanılıb VİDEO
Bakı, 26 iyul, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis bölməsinə əvvəllər məhkum olunmuş Pirəli İmamcanovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları həmin ünvana baxış keçirərkən Pirəli İmamcanovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi 28 kiloqram çəkidə 39 çətənə bitkisi, 200 qram marixuana aşkarlayıblar. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprelində əkdiyini və inkişafı üçün xüsusi qulluq etdiyini bildirib.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib.
Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.