HOLLANDİYA İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə yerli şirkətlərin təcrübəsinin az olduğu sahələr üzrə onların inkişafını təmin edə biləcək məsləhətlərin verilməsindən ibarətdir. İndiyədək ASK-nın xətti ilə respublikamıza təxminən 50 ekspert dəvət olunmuşdur. Bu ekspertlər dəvət olunduqları şirkətlərlə sıx əməkdaşlıq şəraitində işləyərək onların fəaliyyətinin genişləndirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına, xarici şirkətlərlə iqtisadi əlaqələrin qurulmasına, o cümlədən Hollandiyanın aparıcı şirkətləri ilə əməkdaşlığın canlandırılmasına, biznes-planların tərtib edilməsinə, investisiyaların cəlb olunmasına və s. kömək edirlər.
Bu günlərdə ekspertlərdən biri-Jan Geraats “Aqua Vita” şirkətinə gəlmişdir. O, şirkətin professional satış komandasının yaradılmasına, müştərilərə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, reklam işinin təşkilinə, müştərilərin razı salınması yollarının axtarılmasına, qiymətqoymada, tenderlərdə iştirakın təmin edilməsinə, işçilər üçün tenderlərin keçirilməsinə, bazarın təhlilinə, məhsulun bazara çıxarılması və irəlilədilməsinə dair məsləhətlər verəcəkdir.