HOLLANDİYADA 28 MAY - RESPUBLİKA GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 28 May - Respublka günü münasibətilə Hollandiyada fəaliyyət göstərən “Ana vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin idarə heyəti Haaqada təntənəli tədbir keçirmişdir.
Toplantıda birliyin sədri və Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Gülşən Kazımova əlamətdar bayramla əlaqədar iştirakçıları təbrik etmiş, XX əsrdə Şərqdə ilk demokratik dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi - müstəqil Azərbaycan Respublikasının hazırda yüksəliş yolunda inamla addımladığını, dünyada nüfuzunun getdikcə artdığını, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporlarının daha da möhkəmləndiyini qöstərmiş, müxtəlif azlıqların yaşadıqları Azərbaycanın tolerant bir dövlət olduğunu qeyd etmişdir.
Tədbirin qonağı, valideyn qayğısından məhrum olmuş uşaqlarla bağlı Hollandiyada keçirilən birinci dünya konfransının nümayəndəsi Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Suleymanova azərbaycanlı qadınların ıctimai-siyasi həyatdakı fəaliyyətlərinə toxunmuş, onlarin elm, təhsil və mədəniyyət sahələrinə verdikləri töhfələrdən bəhs etmiş, bariz nümunə kimi Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanin ölkəmizdəki xidmətlərindən danışmış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində göstərdiyi təşəbbüsləri xüsusi vurğulamış, xarici ölkələrdə yaşayan azərbaycanlı qadınları Mehriban Əliyevadan nümunə götürməyə çağırmış, onun milli maraqlarımıza uyğun müxtəlif layihələri həyata keçirilməsi, ölkəmizin Avropa qitəsində layiqincə təmsil olunması, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması sahəsindəki fəaliyyətindən danışmışdır.
Azərbaycanın Niderland krallığındakı səfirliyinin birinci katibi Elçin Bəşirov azərbaycançılıq uğrunda fəaliyyət göstərən təşkilat üzvlərini səfirlik adından 28 May - Respublika günü münasibətilə təbrik etmişdir.