SİYASƏT
HOLLANDİYADA NOVRUZ BAYRAMI QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Hollandiyanın Haarlem şəhərində Novruz bayramı ilə əlaqədar keçirilən tədbirdə holland ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, diasporumuzun və İraq türkmənlərinin təmsilçiləri iştirak etmişlər.
Benilüks Azərbaycan Əlaqələndirmə Şurasının üzvü, “Ana vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova Novruz bayramı barədə məlumat vermiş, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vaxtilə bu bayramın böyük sevinc hissi ilə qeyd olunduğunu diqqətə çatdırmış, qaçqın və məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşadıqlarını söyləmişdir.
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin və Avropa İttifaqı yanında nümayəndəliyinin birinci katibi, Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının fəxri sədri Fuad Hümbətov iştirakçıları Azərbaycanın və türk dünyasının qədim tarixi olan Bahar bayramı münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində işğal altında olan ərazilərimizin tezliklə azad ediləcəyinə və Novruz şənliklərinin həmin yerlərdə təntənə ilə keçiriləcəyinə əminliyini bildirmişdir.
Haarlem Şəhər Bələdiyyə Şurasının üzvü Hilda van der Molen Hollandiyanın Azərbaycanla mədəni əlaqələr sahəsində münasibətlər yaratmaqda maraqlı olduğunu diqqətə çatdırmışdır.
Tədirdə azərbaycanlı və holland müğənnilərin ifasında klassik və milli musiqimizdən parçalar səslənmişdir.
Bayram şənliyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi, habelə “Azərbaycana xoş gəlmisən!” sənədli filmi nümayiş etdirilmiş, milli rəqslərimiz ifa olunmuşdur.
Sonda Novruz bayramı ilə əlaqədar hazırlanmış zəngin mətbəximizin nümunələri təqdim olunmuşdur.