HOLLANDİYADAKI AZƏRBAYCAN-TÜRK MƏDƏNİYYƏT DƏRNƏYİ DƏ “QOBUSTAN” BEYNƏLXALQ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, inkişafı, ölkəmizin həqiqətlərinin təbliğindəki xidmətlərinə görə, Hollandiyadakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyi də “Qobustan” beynəlxalq mükafatına layiq görülmüşdür.
“Qobustan” beynəlxalq mükafatı 2007-ci ildə Azərbaycan diasporunun fəaliyyətinin qiymətləndirilməsi, bu sahədə xidmətləri olan insanların əməyinin dəyərləndirilməsi məqsədi ilə təsis olunmuşdur. Mükafat əsasən Azərbaycan və türk diasporu təşkilatlarının birgə fəaliyyəti istiqamətində göstərdiyi səylərə, diasporumuzun inkişafındakı xidmətlərinə, eləcə də xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması sahəsində işinə görə ayrı-ayrı diaspor təşkilatlarının rəhbərlərinə, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinə verilir.
Hollandiyada 20 ilə yaxın fəaliyyət göstərən Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin adı laureatlar sırasında birinci yerlərdə olmuşdur. Mükafat Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Əlaqələndirmə Şurasının Berlin konfransında dərnəyin sədri, əslən Türkiyənin İqdır vilayətindn olan İlhan Aşkına təqdim edilmişdir.
İlhan Aşkın bu mükafatı aldığı günün öz həyatının və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti dövrünün ən əziz və şərəfli günü olduğunu bildirmişdir. O, demişdir: “Bu mükafat Azərbaycan hökuməti, tərəfindən əməyimizə verilən ən böyük qiymətdir. Dərnəyimizin belə bir yüksək mükafata layiq görülməsi Azərbaycan dövlətinə, onun hazırkı siyasətinə inamımızı artırır, bizi gələcəkdə daha yaxşı işləməyə ruhlandırır”.
İ.Aşkın Hollandiyada Azərbaycan səfirliyinin açılmasını da tarixi hadisə kimi qiymətləndirmiş və səfirliklə diaspor təşkilatlarının vahid bir məqsədə - Azərbaycan dövlətçiliyinə xidmət etdiyini bildirmişdir. Dərnək rəhbəri demişdir ki, Haaqadakı binalardan birinin üzərində “Azərbaycan Respublikasının səfirliyi” sözlərini oxuyan hər bir türkün qəlbində məğrurluq hissi baş qaldırır. Azərbaycan diasporunun fəallığının artması, müxtəlif diaspor qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi səfirimiz Fuad İsgəndərovun xüsusi önəm verdiyi ən vacib məsələlərdəndir. Səfirin diaspor təşkilatlarının bütün tədbirlərində fəal iştirakı həyata keçirdiyimiz tədbirlərin siyasi çəkisini artırır, birlik duyğularımızı qüvvətləndirir.