HOLLANDİYADAKI DİASPORUMUZ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ TƏBLİĞ EDİR
Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, bu ölkədə səfərdə olan Milli Məclisin deputatı Azərbaycan-Hollandiya Parlamentlərarası dostluq qrupunun üzvü Adil Əliyev Utrext şəhərində açılmış beynəlxalq turizm sərgisindəki Azərbaycan guşəsi ilə tanış olmuşdur.
Rotterdamdakı Hollandya-Azərbaycan cəmiyyətinin iqamətgahında Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəalları ilə keçirilən görüşdə Azərbaycan həqiqətləri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, Ermənistanın işğalçılıq siyasəti və digər məsələlərlə bağlı Benilüks məkanındakı əhalini hərtərəfli məlumatlandırmaq sahəsində görülən işlərdən söhbət açılmışdır.
Adil Əliyev informasiya blokadasının aradan qaldırılmasında xaricdəki Azərbaycan diasporunun fəaliyyətini təqdir etmiş, ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində yaradılmış diasporun Azərbaycanda gedən müsbət prosesləri yerli xalqa çatdırmaqda böyük qüvvə olduğunu bildirmişdir. O, Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar müraciətindən irəli gələn vəzifələrin diasporlarımızın bir növ fəaliyyət proqramı olmasını xüsusi vurğulamış, Benilüks Azərbaycanlıları Konqresinin ölkəmizlə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişdir. Deputat Hollandiyadakı diasporumuzun doğma vətənimiz ətrafında sıx birləşməsi, əlaqələrin möhkəmlənməsi üçün səfərlərin təşkilinin zəruriliyini bildirmişdir.