“Horex Caucasus -2014” sərgisi Azərbaycanın turizm sənayesinin inkişafına müsbət təsir göstərəcəkdir
Bakı, 4 aprel (AZƏRTAC, Ceyhun Rüstəmov). XIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (“Horex Caucasus-2014”) sərgisi Azərbaycanın turizm sənayesinin inkişafına müsbət təsir göstərəcəkdir.
Bu sözləri AZƏRTAC-a sərginin iştirakçısı, “Art-Nishan” MMC-nin nümayəndəsi Anar Quliyev demişdir.
A.Quliyev bildirmişdir ki, bizim təchizatçılarımız və beynəlxalq tərəfdaşlarımız “Horex Caucasus” sərgisinə böyük maraqla yanaşırlar və bu sərgidə özlərinin illik iştirakına sərmayə yatırmağa hazırdırlar. Lakin bunun üçün sərginin statusunu genişləndirmək, onu regional müstəviyə çıxarmaq və hətta ola bilsin ki, Mərkəzi Asiya, İran və Gürcüstandan olan sahibkarlar üçün pulsuz turlar təşkil etmək daha yaxşı olardı. Belə olarsa, avropalı istehsalçılar sərgidə daha fəal iştirak edərlər.
Şirkətimiz peşəkar çini qabların istehsalı üzrə İngiltərənin məşhur “SteeLite” (“SL”) şirkətinin Azərbaycandakı nümayəndəsidir. “SL” məhsulları maraqlı dizaynı və davamlılığı sayəsində bütün dünyada məşhurdur.
Biz ikinci dəfədir ki, “Horex Caucasus” sərgisində çıxış edirik. Əvvəllər bizi azərbaycanlı restoran sahibləri qəhvə və qəhvə bişirən avadanlıqların təchizatçısı kimi tanıyırdılar. Hazırda isə biz “HoReCa” (otel, restoran və kafe sənayesi) müştəriləri üçün təkliflərimizi genişləndirir və barlar üçün lüks şüşə məmulat və qablar təklif edirik.