Hövsanda dənizdə batan üç nəfər xilas edilib, birinin meyiti tapılıb
Bakı, 27 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliyeva, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova xilas ediliblər.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə və küləkli hava şəraitində dənizə girməməyə çağırır.