ICESCO-nun mənzil-qərargahında Sülh Uşaqları Beynəlxalq Festivalı keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 30-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatdakı mənzil-qərargahında Boureqreq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 15-ci Sülh Uşaqları Beynəlxalq Festivalının bağlanış mərasimi keçirilib.
AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, dünya uşaqları arasında sülh və birgəyaşayış mədəniyyətinin formalaşdırılması məqsədi daşıyan festivalda 26 ölkədən 400-dən çox uşaq iştirak edib. Pakistan İslam Respublikasının Təhsil və Peşə Təhsili İdarəsi, Mərakeşdə akkreditə olunmuş bir sıra səfirlər, bir sıra beynəlxalq təşkilatların və festivalın təşkilində iştirak edən qurumların nümayəndələrinin dəvət olunduğu tədbirdə ICESCO-nun Baş direktoru Salim Əl Malik çıxış edərək, cəmiyyətləri uşaqlara lazımi diqqət göstərməyə çağırıb. O, həmçinin valideynləri öz övladlarını elm öyrənməyə, vicdan, salehlik, alicənablıq, yoxsullara mərhəmət kimi nəcib İslam dəyərləri ilə aşılamağa çağırıb. Baş direktor vurğulayıb ki, sülhü bərqərar etməyin yaxşı yolu saf ruhları və mülayim ürəkləri olan azyaşlıları insanların qardaşlığı ruhunda tərbiyə etməkdir. ICESCO bu kontekstdə uşaqların müdafiə olunduğu və firavan gələcəyinə təminat verildiyi sülhsevər cəmiyyətlər və təhlükəsiz mühit qurmaq üçün sülh, sosial birlik, sivilizasiyalararası dialoq dəyərlərini möhkəmləndirməyə çalışır.
ICESCO-nun rəhbəri sülh çağırışında, həmçinin sivilizasiyalararası dialoqun təşviq edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, nifrət ritorikasından imtina edilməsi, xalqlar arasında anlaşmanı gücləndirmək və boşluqları aradan qaldırmaq üçün müasir texnologiya tətbiqlərinin potensialından və imkanlarından düzgün istifadə olunması, süni intellektin artan rolu fonunda uşaqlara və gənclərə sülh mədəniyyətinin aşılanması zəruri amillərdir.
Mərasimdə təşkilata üzv dövlətlərdən gəlmiş uşaqlar öz ölkələrinin bədii, lirik və musiqi irsindən nümunələr təqdim ediblər.