İçərişəhərdə məktəblilərin veloyürüşü keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 13-14-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “EkoSfera” Sosial Ekoloji Mərkəzinin birgə təşkilatçılığı ilə qoruq ərazisində aksiya - məktəblilərin veloyürüşü keçirilmişdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, aksiya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ukraynanın Vinnitsa və Moldovanın Bels şəhərləri ilə birlikdə icra etdiyi Avropa Komissiyasının “Şəhər merlərinin razılaşması” təşəbbüsünün “Enerjiyə qənaət üzrə fəaliyyət planının hazırlanması” layihəsi çərçivəsində reallaşdırılmışdır.
Son illərdə İçərişəhərdə və Qalada müxtəlif ekoloji layihələr, o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşəbbüsünün dəstəklənməsi istiqamətində bir sıra addımlar atılmışdır. Ətraf mühitin mühafizəsi və bununla bağlı təbliğat dünya əhəmiyyətli dəyərlərdən biri kimi idarənin fəaliyyətində xüsusi yer tutur.
Veloyürüşün məqsədi məhz Bakının tarixi mərkəzi olan İçərişəhərin timsalında ekologiyanın qorunması, enerjiyə qənaətlə yanaşılması, təmiz və əlçatan enerji xidmətləri, iqlim dəyişikliyi və bütün bunların nəticəsində daha sağlam ətraf mühitin yaradılmasının vacibliyinə bu dəfə uşaqların diqqətini cəlb etməkdir.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) və Avropa Komissiyasının dəstəyi ilə gerçəkləşən aksiya çərçivəsində İçərişəhərin bir sıra küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmış, şagirdlərinin iştirakı ilə velosiped və elektromobillərin turu keçirilmişdir.
Ekoloji aksiyada Bakı şəhərinin 6 nömrəli orta məktəbin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri iştirak etmişlər.
Tədbir çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzinin ekspertləri tərəfindən məktəblilərə ekologiyanın qorunmasının vacibliyi, enerjiyə qənaət, alternativ enerji mənbələrindən istifadə barədə ətraflı məlumat verilmişdir. Aksiyada “EkoSfera” Sosial Ekoloji Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici vasitələr, bukletlər, posterlər paylanmışdır.
Tədbirin sonunda aksiya iştirakçılarına “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “EkoSfera” Sosial Ekoloji Mərkəzinin hədiyyələri verilmişdir.
Tədbir şagirdlərin, İçərişəhər sakinlərinin, turistlərin və ziyarətçilərin böyük marağına səbəb olmuşdur.