DÜNYA
İçərisində miqrantların olduğu qayığın La-Manş boğazında batması nəticəsində 27 nəfər ölüb
London, 25 noyabr, AZƏRTAC
İçərisində miqrantların olduğu qayığın La-Manş boğazında batması nəticəsində 27 nəfər boğularaq ölüb.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya istiqamətində hərəkət edən qayıq Fransanın Kale şəhəri yaxınlığında batıb. Hadisə zamanı ölən 27 miqrantın 5-nin qadın, 2-sinin uşaq olduğu bildirilir. İki nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.
Hadisəyə böyük konteyner gəmisinin miqrant qayığına çırpılmasının səbəb olduğu bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatı hadisənin 2014-cü ildən sonra La-Manş boğazında ən ağır faciə olduğunu açıqlayıb.
Böyük Britaniyanın Baş naziri Boris Conson baş verənlərdən dərindən sarsıldığını və ölkəsinin insan alveri ilə məşğul olan dəstələrin qarşısını almaq üçün var gücü ilə mübarizə aparacağını qeyd edib.
Prezident Emmanuel Makron isə Fransanın La-Manş boğazının qəbiristanlığa çevrilməsinə icazə verməyəcəyini bildirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London