“İCTİMAİ TELEVİZİYA VƏ RADİO HAQQINDA” QANUN AVROPA STANDARTLARINA TAM CAVAB VERİR
Məsələyə aydınlıq gətirmək üçün AZƏRTAC-ın müxbiri qanun layihəsini hazırlayan işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Rizvan Cəbiyevə müraciət etmişdir. O, demişdir: İctimai televiziyanın dövlət televiziyası və ya digər özəl telekanalların birinin bazasında yaradılacağı, qeyri-hökumət təşkilatları nümayəndələrinə televiziyada təmsil olunmasına qadağa qoyulacağı, maliyyə vəsaitinin ayrılması, rəsmi məlumatların yayılması və digər məsələrlə bağlı bir sıra yanlış fikirlər səslənir. Amma bu fikirlərin heç bir əsası yoxdur. Ona görə ki, ictimai televiziyanın hər hansı bir telekanalın bazasında yaradılması yalnız dövlət başçısının müstəsna səlahiyyətinə daxildir. Prezident öz sərəncamı ilə ictimai televiziyanın yaradılması üçün yer və konkret vaxt müəyyənləşdirəcəkdir.
İctimai televiziyada rəsmi məlumatların yayımlanması ilə bağlı maddə isə Avropa Şurasının tövsiyələrinə və dünya təcrübəsinə uyğun verilmişdir. Həmin maddədə deyilir ki, dövlət hakimiyyəti orqanlarının verdiyi məlumatlar ictimai televiziyanın efirində dərhal və ixtisarsız verilir. Bura təbii fəlakətlər, ictimaiyyətin xəbərdar olması üçün zəruri olan məlumatlar və dövlət hakimiyyəti orqanlarının mövqeyini açıqlayan rəsmi bəyanatlar daxildir. Bundan başqa, bu sənəddə bütün qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ictimai televiziyada təmsil olunmasına icazə verilir. Maliyyələşmə ilə bağlı maddədə isə deyilir ki, ictimai televiziya üçün nəzərdə tutulan vəsait təkcə televiziyanın məqsədlərini və perspektivini deyil, eyni zamanda fasiləsiz fəaliyyətinin həyata keçirilməsinə də imkan verməlidir.