İğdırda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Ankara, 29 may, AZƏRTAC
İğdır şəhərindəki Azərbaycan Evində Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iki qardaş ölkənin ictimaiyyət nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və Türkiyə-Azərbaycan Dostluq İcmaları Federasiyası (TADDEF) baş katibinin müavini Serdar Ünsal tədbir iştirakçılarına ölkəmizin dövlətçiliyinin formalaşması və inkişaf mərhələləri barədə məlumat veriblər. Onlar Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı fonunda Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarının sarsılmazlığını vurğulayıblar.
Dahi Heydər Əliyevin Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq təməlinin formalaşdırılmasındakı rolu qeyd olunub, respublikanın əldə etdiyi nailiyyətlər, o cümlədən 44 günlük Vətən müharibəsindəki tarixi Qələbə diqqətə çatdırılıb.
Tədbir musiqi proqramı ilə başa çatıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara