III Avropa Oyunları: Qadın badmintonçularımız qoşa yarışlara məğlubiyyətlə başlayıblar
Krakov, 26 iyun, AZƏRTAC
Azərbaycan milli komandasının üzvləri Keişa Fatimə Zəhra və Era Maftuha tandemi Polşada keçirilən III Avropa Oyunlarında qadın badmintonçuların qoşa yarışında D qrupunda ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz İspaniya badmintonçuları Beatriz Korallez-Klara Azurmendi cütlüyünə 0:2 (5-21,17-21) hesabı ilə məğlub olublar.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.