İkinci Bakı Beynəlxalq turizm filmləri festivalı əvvəlkindən coğrafiyasının və proqramının genişliyi ilə seçilir
Bakı, 25 iyun (AZƏRTAC, Türkan Abdullayeva). İyunun 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ikinci Bakı Beynəlxalq turizm filmləri festivalı başlayır.
AZƏRTAC xəbər verir ki, iyunun 25-də bu münasibətlə mətbuat konfransı keçirilmişdir.
Konfransda Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, festivalın icraçı direktoru Fariz Əhmədov, münsiflər heyətinin sədri Ayaz Salayev, münsiflər heyətinin üzvləri Vüqar Şıxəmmədov, Aleksandr Kammel (Avstriya), Spomenka Saraqa (Xorvatiya), Can Özbatur (Türkiyə) festival haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoymuşdur.
Festivalın artıq ənənə halını alması vurğulanaraq qeyd edilmişdir ki, bu tədbir müxtəlif ölkələrdən gəlmiş rejissorların qarşılıqlı fikir mübadiləsi aparmaları və bir-birlərinin təcrübələrindən yararlanmaları baxımından əhəmiyyətlidir.
Bu ilki festivalın coğrafiyasının və proqramının əvvəlkinə nisbətən genişləndiyi diqqətə çatdırılaraq bildirilmişdir ki, festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilmişdir. Festivalın müsabiqə proqramına 31 ölkədən 68 film daxil edilmişdir. Filmlər 6 kateqoriyada yarışacaqlar.
Müsabiqə proqramına Azərbaycanın 7 filmi də daxil edilmişdir.
Bildirilmişdir ki, festivalın proqramına daxil edilmiş filmlər 4 gün ərzində saat 14:00-dan 20:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq və bu məkana giriş sərbəstdir. Eyni zamanda, filmlər Dənizkənarı Milli Parkda da təqdim ediləcəkdir.
Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcəkdir. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaqdır. Birinci, ikinci, üçüncü yerləri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, eyni zamanda, diplom və pul mükafatlarına layiq görüləcəkdir. Festivalın ən yaxşı filminə isə “Qran-pri”, diplom və pul mükafatı veriləcəkdir.
Festivala 28 ölkədən 50 qonaq dəvət edildiyi vurğulanaraq qeyd edilmişdir ki, qonaqlar üçün şəhər turu da təşkil olunacaqdır.
Bağlanış mərasimi iyunun 28-də keçiriləcək festival çərçivəsində “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” layihəsinin təqdimatı olacaqdır.
Festival günlərində Polşa kinematoqrafçılarının ustad dərsləri, eyni zamanda, nəzəri və əyani dərslər təşkil ediləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film çəkəcəklər.