İkinci Bakı Beynəlxalq turizm filmləri festivalının beynəlxalq münsiflər heyətinin tərkibi açıqlanmışdır
Bakı, 24 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 25-dən 29-dək Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ikinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir.
Festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilmişdir.
Artıq festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalın müsabiqə proqramında 37 ölkədən 68 film mübarizə aparacaqdır. Filmlər 6 kateqoriyada yarışacaqlar. Müsabiqə proqramına Azərbaycanın 7 filmi daxil edilmişdir.
Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcəkdir. Münsiflər heyətinin 3 üzvü Azərbaycanın (Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxmmədov), 4 üzvü isə xarici ölkələrin təmsilçiləridir (Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur).
Münsiflər heyətinin sədri tanınmış rejissor, kinoşünas, prodüser Ayaz Salayevdir.
Festivalın proqramı və münsiflər heyətinin üzvləri ilə bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.