İkinci Bakı Beynəlxalq turizm filmləri festivalının müsabiqə proqramı açıqlanmışdır
Bakı, 21 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 25-dən 29-dək Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ikinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilmişdir. Festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlamış və 68 film bu proqrama daxil edilmişdir. Filmlər 6 kateqoriyada yarışacaqlar.
Müsabiqə proqramında 7 Azərbaycan filmi də iştirak edir.
İyunun 25-də təşkil ediləcək mətbuat konfransı ilə festival açıq elan olunacaq və həmin gün axşam saatlarında Nizami Kino Mərkəzində festivalın rəsmi açılışı keçiriləcəkdir. Açılışda “Ölkə, region, şəhər” kateqoriyasından filmlər nümayiş etdiriləcəkdir.
İyunun 26-27-28-də hər gün saat 14.00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaqdır.
Bağlanış mərasimi iyunun 28-də keçiriləcək festival çərçivəsində “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” layihəsinin təqdimatı olacaqdır. Festival günlərində Polşa kinematoqrafçılarının ustad dərsləri, eyni zamanda, nəzəri və əyani dərslər təşkil ediləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film çəkəcəklər.
Bakı Beynəlxalq turizm filmləri festivalı mənzil-qərargahı Avstriyanın Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) tamhüquqlu üzvüdür.
Festivalla bağlı əlavə məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.