İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi bütün İslam aləminin zəfəridir
Qahirə, 17 dekabr, AZƏRTAC
Misirli tədqiqatçı Əhməd Əbdo Tərabik ötən il çapdan çıxmış “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” adlı kitabını Türkiyənin Misirdəki səfirliyinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, qardaş Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi haqqında xronoloji məlumat və dərin siyasi təhlilin yer aldığı bu kitabın ərəbdilli oxucular üçün qiymətli əsər olduğunu bildirən Türkiyənin Misirdəki müvəqqəti işlər vəkili Salih Mutlu Şən müəllifə minnətdarlıq edib.
O söyləyib ki, Yaxın Şərq və Afrika ölkələrindəki Türkiyə diplomatları hər zaman Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırmaq istiqamətində səylər göstəriblər. Eyni zamanda, Misir də bütün beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında dost Azərbaycanı dəstəkləyib. Bu baxımdan, misirli tədqiqatçı və jurnalistlərin araşdırmaları və məqalələri böyük əhəmiyyət kəsb edir.
Kitabın müəllifi türk diplomata təşəkkürünü bildirib, bu kitabın onun Qarabağ haqqında ikinci tədqiqat əsəri olduğunu diqqətə çatdırıb. Bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi bütün İslam aləminin zəfəridir. Müəllif məlumat verib ki, “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” adlı kitab digər ərəb ölkələrinin də kitabxanalarına və tanınmış ziyalılarına təqdim edilib. Ə.Tərabik bildirib ki, o, Azərbaycanla yanaşı, türk dövlətləri - Qazaxıstan və Özbəkistan haqqında kitabların da müəllifidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə