İlk dəfə Azərbaycanda Uşaq Paralimpiya Komitəsinin yaradılması yüksək qiymətləndirilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Raşed Mustafa və Kanadanın İdman elmləri üzrə fəxri professoru, UNİCEF-in beynəlxalq eksperti Kolin Higgislə görüşmüşdür.
MPK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İ.Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı və bu sahəyə olan dövlət qayğısından danışmışdır. Qeyd etmişdir ki, paralimpiya hərəkatı yarandığı dövrdən idmançılarımız həmişə üzərilərində dövlət qayğısını hiss etmiş və bunun nəticəsi olaraq ölkəmizdə paralimpiya hərəkatı sürətli inkişaf yolu keçmişdir. İ.Rəhimov respublikada paralimpiya hərəkatında idman növlərinin artırılması, bu sahəyə yeni idmançıların cəlb olunması və ehtiyat idmançıların hazırlanması məqsədi ilə MPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması barədə qonaqlara ətraflı məlumat vermişdir.
R.Mustafa vurğulamışdır ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınmaqdadır və sevindirici haldır ki, ölkədə paralimpiya hərəkatı da sürətlə inkişaf edir. Dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsinin yaradılması və bunun nəticəsində sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması təqdirə layiq bir addımdır. UNİCEF bu nəcib işdə MPK-ya dəstək verməkdə böyük şərəf duyur və idman sahəsində böyük təcrübəsi olan beynəlxalq ekspertlərin Azərbaycana dəvət olunmasının ölkədə uşaq paralimpiya hərəkatının sürətli inkişafına töhfə verəcəkdir.
Sonra Uşaq Paralimpiya Komitəsinin icra mexanizminin qurulması və lazımi hüquqi sənədlərin hazırlanması sahəsində MPK-nın mütəxəssislərinə kömək göstərilməsi məqsədi ilə UNİCEF tərəfindən dəvət olunmuş beynəlxalq ekspert K.Higgis Azərbaycanda Uşaq Paralimpiya Komitəsinin yaradılmasını dünya idmanı tarixində yenilik olduğunu və yaxın gələcəkdə digər ölkələrin də bu sahədə Azərbaycanın əldə etdiyi təcrübədən bəhrələnəcəyini demişdir.
Görüş zamanı uşaq paralimpiya hərəkatının sürətli inkişafı üçün görüləcək işlər geniş müzakirə olunmuşdur.