İlqar Musayev: Azərbaycanda yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib. Xüsusən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə onun medianın inkişafına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, beynəlxalq standartların uyğunlaşdırılmasına, media nümayəndələrinə xüsusi qayğının göstərilməsinə verdiyi töhfə danılmaz faktdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev dekabrın 20-də keçirilən “Media Savadlılığı” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, media sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir.
Xidmət rəisi dünya əhalisinin böyük bir hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, onlayn mühitdə təhlükəsiz şəkildə naviqasiya qabiliyyətinin məhdud olması səbəbindən belə əhali qruplarının, xüsusilə gənclərin mediada yer alan müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.