İNDİYƏDƏK 26 MİNDƏN ÇOX KİÇİK MÜƏSSİSƏ ÖZƏLLƏŞDİRİLMİŞDİR
Ölkəmizdə sahibkarlığın inkişafının əsas istiqamətlərindən biri dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi prosesinin sürətləndirilməsidir. Bu sahədə vəziyyət necədir, hansı işlər görülür? AZƏRTAC-ın müxbirinin bu suallarını İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentindən belə cavablandırmışlar:
- Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli Fərmanından sonra bu məsələyə diqqət daha da artırılmışdır. Hazırda ölkəmizdə özəlləşdirmənin ikinci mərhələsi, yəni orta və iri müəssisələrin dövlətsizləşdirilməsi prosesi gedir. Lakin hələ özəlləşdirilməmiş kiçik müəssisə və obyektlər də az deyildir. Prezident Fərmanından irəli gələn vəzifələrə müvafiq olaraq, nazirliyin özəlləşdirmə ilə məşğul olan qurumlarının əməkdaşları birinci mərhələdə özəlləşdirilməsi başa çatdırılmamış müəssisə və obyektlərin xüsusi mülkiyyətə verilməsi perspektivlərini diqqətlə araşdırırlar. Özəlləşdirmə prosesi başlanandan indiyədək 26 mindən çox kiçik dövlət müəssisə və obyekti özəl mülkiyyətə çevrilmişdir. Təkcə bu ilin ötən 10 ayında 2200-dən çox adam kiçik müəssisə və obyektin mülkiyyətçisi olmuşdur. Özəlləşdirmənin birinci mərhələsində dövlət büdcəsinə 279,3 milyard manat vəsait daxil olmuşdur.
Nazirlik dövlət əmlakından səmərəli istifadə edilməsi üçün də kompleks tədbirlər həyata keçirir. Bunun nəticəsində dövlət əmlakından hüquqi əsas olmadan istifadə edilməsi hallarının qarşısı tamamilə alınmışdır. İndiyədək dövlət əmlakının icarəyə verilməsi üzrə 22 mindən çox müqavilə bağlanmışdır ki, bu da büdcəyə 68,1 milyard manat mənfəət gətirmişdir. Dövlətsizləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi nəticəsində isə dövlət büdcəsinə 23 milyard manat vəsait köçürülmüşdür.