İNDONEZİYA DANİMARKA HÖKUMƏTİNƏ NOTA GÖNDƏRMİŞDİR
İndoneziya hökuməti bundan əvvəl Danimarkanın “Yullands-Posten” qəzetində verilmiş, sonra isə Qərbi Avropanın bir sıra nəşrlərinin səhifələrinə çıxarılmış karikaturalarda ifadəsini tapan “İslama nifrətlə” mübarizə üçün bu ölkənin hökumətindən tədbirlər görülməsini tələb etmişdir.
Notada deyilir: “Demokratik ölkə kimi İndoneziya söz azadlığını tanıyır, lakin eyni zamanda hesab edir ki, söz azadlığında məsuliyyət də olmalı və o, din rəmzləri üzərində həqarətə yol verməməlidir”.
Xatırladaq ki, Danimarkanın bir sıra müsəlman ölkələrindəki diplomatik nümayəndəliklərinə basqınlara gətirib çıxaran “karikatura qalmaqalı”ndan sonra Danimarka telekanallarından biri Danimarka Xalq Partiyasının gənclər cinahının fəalları arasında “müsabiqə”nin gizli kamera ilə çəkilmiş videoyazısını göstərmişdir. “Müsabiqə”nin qalibi Məhəmməd Peyğəmbəri “daha gülməli” şəkildə təsvir edən iştirakçı olmalı idi.
Danimarkanın Baş naziri Anders Foq Rasmussen və İslam Konfransı Təşkilatı gənc siyasətçilərin bu cür “əyləncə”lərini pisləmiş, kanalın rəhbərləri isə teletamaşaçılardan üzr istəmişlər.