İNDONEZİYADA XRİSTİANLARIN EDAMI TƏXİRƏ SALINMIŞDIR
AZƏRTAC İndoneziyanın Antara Agentliyinə istinadla xəbər verir ki, edam avqustun 17-də qeyd edilən Müstəqilliyin elan olunması günü münasibətilə təxirə salınmışdır.
İndoneziya polisinin başçısı general Sutanto edamın Roma Papasının xahişi ilə təxirə salınması barədə bəzi KİV-lərin yaydığı məlumatları təkzib edərək demişdir ki, yeganə səbəb milli bayramı pozmamaqdır. Avqustun 17-dən sonra edam hökmü mütləq yerinə yetiriləcəkdir, çünki bu, məhkəmənin qərarıdır.
2001-ci ilin aprelində məhkum edilmiş 3 xristianın son apelyasiyası İndoneziya Prezidenti tərəfindən ötən il rədd edilmişdir. Lakin müdafiə iş üzrə yeni dəlillərin üzə çıxması ilə əlaqədar hökmün ləğv edilməsinə çalışır.
Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatı məhkəmənin obyektivliyinə və prosesin düzgün aparılmasına şübhə ilə yanaşırlar. İndoneziyada minlərlə xristian etiraz mitinqləri keçirir və məhkumlar üçün dua edir.
Xatırladaq ki, Flores adasının sakinləri Fabianus Tibo, Dominqus da Silva və Marinus Rivu ölkənin ən iri adalarından biri olan Sulavesidə dinlərarası münaqişənin qızışdırılmasında və nəticədə 122 adamın həlak olmasında təqsirli bilinirlər. Məhkumlar təqsirlərini boyunlarına almışlar.
İndoneziyanın 240 milyonluq əhalisinin 90 faizi müsəlmandır. Lakin Sulavesidə müsəlmanlarla xristianların sayı, demək olar, bərabərdir. 2000-2002-ci illərdə adada dini icmalar arasında baş vermiş qanlı toqquşmalar zamanı azı 2 min adam həlak olmuşdur. İki icmanın liderləri 2002-ci ildə sülh müqaviləsi imzaladıqdan sonra Sulavesidə vəziyyət nizama salınmışdır. Lakin adanın mərkəzi hissəsində hələ də dini zəmində terror aktları törədilir.