“İnter” və “Zirə” komandaları bayramı qalibiyyətlə qeyd ediblər
Bakı, 20 mart, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə daha iki matç oynanılıb.
Novruz bayramı gününə təsadüf edən turun son gününə Lənkəranda start verilib. “İnter” cənub səfərində ev sahiblərini minimal hesabla məğlub edib. Nika Kvekveskirinin möhtəşəm qolu matçda yeganə olub - 0:1. Bakı təmsilçisi bu nəticə ilə xallarını 44-ə çatdıraraq uzun bir fasilədən sonra turnir cədvəlində ilk üçlükdə qərarlaşa bilib.
Turun son oyununda isə paytaxt təmsilçiləri üz-üzə gəliblər. Öz meydanındakı çempionat oyunlarında uduzmayan “Zirə” AZAL-ı qəbul edib. Debütant bu dəfə də meydandan qalib ayrılıb. Adil Şükürovun yetirmələrinə bu, o qədər asan başa gəlməyib. Belə ki, matçın gedişində iki dəfə geri düşən AZAL sonradan hesabı bərabərləşdirməyə müvəffəq olub. Ancaq Tərlan Əhmədovun komandasının gücü bundan artığına çatmayıb. Meydan sahibləri görüşün bitməsinə 10 dəqiqə qalmış və son dəqiqədə vurduqları qollarla rəqibi 4:2 hesabı ilə məğlub edib. Bu qalibiyyət sayəsində “Zirə” əlli xalla ikinci pillədəki yerini qoruyub.