İNVESTİSİYA MÜSABİQƏLƏRİ NƏTİCƏSİNDƏ MÜƏSSİSƏLƏRƏ 453 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ İNVESTİSİYA YATIRIMLARI NƏZƏRDƏ TUTULMUŞDUR
Görülən tədbirlər nəticəsində komitə tərəfindən cari ildə maşınqayırma, tikinti materiallarının istehsalı, rabitə, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrə aid “Oğuz Şərab“, “Siyəzən Şərab“, “Salyan plastik kütlə emalı”, “Xanlar Aqrosənaye“, “Bakı Teleqrafı”, “Sumqayıt Sənaye İstehsal”, “Gəncə Sənaye Cihaz”, “Azərbaycan Mehmanxanası”, “Mingəçevir İzolit“, “Daşkəsən Filizsaflaşdırma”, “Moskva Mehmanxanası” kimi səhmdar cəmiyyətlərinin səhmləri investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmişdir.
Müsabiqə qalibləri tərəfindən götürülmüş öhdəliklərə əsasən istehsal prosesinin bərpası və inkişafı, yeni texnologiyaların tətbiqi, müasir standartlara cavab verən məhsul istehsalı və xidmətlərin göstərilməsi məqsədi ilə qeyd olunan müəssisələrə müqavilələr üzrə 453 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu və görülən işlərin nəticəsində 4105 iş yerlərinin yaradılması nəzərdə tutulmuşdur.
Cari ildə 8 milyon dollardan çox sərmayə qoyuluşu təmin edilmiş, investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirmədən dövlət büdcəsinə 5 milyon manata yaxın vəsait daxil olmuşdur.
Bu müddətdə investisiya öhdəliklərini yerinə yetirdiyinə görə “Sumqayıt Məişət Kimyası“, “Qəbələ Sənaye İstehsal”, “Şəki İpək”, “Bakı Çinar Soyuducuları” ASC-ləri, habelə Bakıxanov qəsəbəsində yerləşən idman meydançası üzərində mülkiyyət hüququ müsabiqə qaliblərinə keçmişdir.
Bunlardan əlavə, investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələr üzrə 12 mindən çox yeni iş yerləri açılmışdır.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komimtəsi tərəfindən özəlləşdirilmiş müəssisələr üzrə investorların müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin monitorinqi istiqamətində də qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə, bağlanmış investisiya və idarəetmə müqavilələri üzrə təqdim edilmiş hesabatlar öyrənilir, investisiya qoyuluşlarının vəziyyəti təhlil olunur və zəruri hallarda müqavilədə nəzərdə tutulmuş qanunvericiliyə uyğun tədbirlər həyata keçirilir.