İordaniyada keçirilən Forumun iştirakçıları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Əmman, 11 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İordaniyada qadın parlament üzvlərinin Qlobal Forumu keçirilib. Dünyanın 60 ölkəsindən prezident, baş nazir, spiker, senator, qadın deputatların qatıldıqları bu Forumda ölkəmizi Milli Məclisin deputatı Qənirə Paşayeva təmsil edib. Forumda Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov da iştirak edib.
Qənirə Paşayeva Forumda çıxış edərək Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək torpaqlarımızın 20 faizini işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyir.
Qənirə Paşayeva Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də məlumat verib və dünyanın 60 ölkəsindən gəlmiş prezident, baş nazir, spiker, senator qadınları Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb. O deyib ki, dünyanın hər yerində insanları qaçqın, köçkün salan səbəblərlə fəal mübarizə aparılmasa, köçkünlərin sayı və problemlər daha da artacaq. Ona görə də işğallara, insanların evlərinə dönə bilmələrinə mane olan səbəblərə qarşı mübarizə kəskin və sərt olmalıdır. Belə ölkələrə qarşı ciddi təzyiqlər göstərmək lazımdır. Evinə qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün məhz bunu gözləyir.
Milli Məclisin deputatı Qlobal Forumun iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” kataloqunu hədiyyə edib.
Qlobal Forum çərçivəsində Qənirə Paşayeva İordaniyanın Baş naziri Abdullah Ensourla görüşüb. Azərbaycanın hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən deputat İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi, bəyanatı xalqımızın yüksək qiymətləndirdiyini deyib. O, Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini vurğulayıb və bu dəstəyin daha da güclənəcəyinə inandığını deyib.
Baş nazirə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycanın bu təxribatlara qarşı mübarizəsi, əldə olunan nəticələr barədə məlumat verilib.
Dost Azərbaycanın İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Baş nazir Abdullah Ensour ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib. O, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində daha çox səy göstərilməsinin önəmini qeyd edib. Baş nazir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İordaniyanın birmənalı mövqeyinin olduğunu və bunun heç zaman dəyişməyəcəyini vurğulayıb. O, bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını vurğulayıb.
Milli Məclisin deputatı rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu Baş nazirə hədiyyə edib.
Səfir Sabir Ağabəyovun da iştirak etdiyi görüşdə Azərbaycan-İordaniya münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qənirə Paşayevanın İordaniya parlamenti Nümayəndələr Palatasının sədri Atef Taravneh, Böyük Əmman bələdiyyəsinin meri Aqil Baltaji, turizm və qədim abidələr naziri Nayif Əl-Faiz, İordaniya- Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrləri senator Muhammad Suqur və deputat Hazim Qaşuo və Azərbaycan-İordaniya Dostluq Cəmiyyətinin sədri Mirvan Əl-Hammud ilə də görüşləri keçirilib.
Görüşlərdə səfir Sabir Ağabəyov da iştirak edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman