“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda müsabiqənin iştirakçıları üçün təlim təşkil olunub




Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün məlumatlandırıcı təlim sessiyası təşkil olunub.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hakaton formatında keçirilən müsabiqədə Bakı Dövlət Universitetindən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından və ADA Universitetindən seçilmiş 45 nəfərdən ibarət 9 komanda iştirak edir.
Təlim sessiyasının açılışında Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və UNDP-nin proqram məsələləri üzrə müşaviri Leyla Fəthi çıxış ediblər. Çıxışlarda bu il ölkəmizin COP29-a ev sahibliyi etməsi nəzərə alınmaqla bu mövzuda müxtəlif tədbirlərin keçirildiyi diqqətə çatdırılıb, habelə ekoloji hüquqlarla bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Təlimdə, həmçinin müvəkkilin müşaviri Rəşad Novruzov və UNDP-nin nümayəndəsi Tural Əhməd mövzu ilə bağlı çıxış edərək, iştirakçıların suallarını cavablandırıblar.
Sonra Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Şəhla Aslanova və BMT könüllüsü Hyebin Kvon tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri, akademik yazı qaydaları ilə bağlı ətraflı təqdimatlar nümayiş etdirilib.
Yekunda tələbələrin müsabiqə ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, müsabiqədə qalib seçilən komandanın oktyabrın 2-də keçiriləcək “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Bakı Beynəlxalq Forumunda təqdimatla çıxışı nəzərdə tutulub.