İqor Klimenko: Azərbaycanlı mütəxəssislərin minatəmizləmə sahəsində təcrübəsi Ukrayna üçün faydalıdır
Kiyev, 20 fevral, AZƏRTAC
Azərbaycan hökumətinin ölkəmizə dəstəyi hiss olunur. Kaxovka Su Elektrik Stansiyasında törədilmiş partlayışın nəticələrinin aradan qaldırılmasında Azərbaycanın köməyini xatırlayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın daxili işlər naziri İqor Klimenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyev ilə görüşdə söyləyib.
Görüşdə humanitar minatəmizləmə üzrə Azərbaycan və Ukrayna arasında təcrübə mübadiləsi aparılıb.
“Azərbaycan mina təhlükəsinin nə olduğunu öz təcrübəsindən bilir. Ona görə də mütəxəssislərinizin təcrübəsi Ukraynaya faydalı olacaq. Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin bölmələri öz biliklərini bölüşəcəklər. Bu illər ərzində onlar qeyri-adi praktiki bacarıqlar əldə ediblər.
Mən hədiyyə edilmiş mexanikləşdirilmiş minatəmizləmə maşınına görə Azərbaycan dövlətinə təşəkkür edirəm. Bu maşın işğal olunmuş ərazilərdəki kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə cəlb ediləcək”, - deyə İqor Klimenko bildirib.
Görüşdə, həmçinin qeyri-qanuni silah dövriyyəsinə, cinayətkarlığa qarşı mübarizə, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.
“Ümidvaram ki, ölkələrimiz təhlükəsizlik məsələlərində əməkdaşlığı davam etdirəcək və qarşılıqlı fəaliyyəti gücləndirəcək”, - deyə nazir vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev