ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda “Məzənnə siyasəti: yeni çağırışlar və imkanlar” kitabı çap olunub
Bakı, 24 iyun, AZƏRTAC
AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərovun “Məzənnə siyasəti: yeni çağırışlar və imkanlar” adlı kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov, rəyçiləri iqtisad elmləri doktoru, professor Mübariz Bağırov və fəlsəfə elmləri namizədi, dosent Mayis Gülalıyevdir.
Kitabda ölkənin makroiqtisadi sabitlik və iqtisadi artım problemlərinin həllində valyuta siyasətinin rolu araşdırılıb. Bu məqsədlə qlobal və daxili iqtisadi proseslər nəzərə alınmaqla, bütövlükdə valyuta məzənnəsinin formalaşması və onun makroiqtisadi təsirləri tədqiq edilir.
Monoqrafiyada qoyulan əsas istiqamət retrospektiv faktorların təsir səviyyəsinin müəyyənləşdirilməsi, Azərbaycanda makroiqtisadi menecment sistemində məzənnənin rolunun və təsir dairəsinin tədqiq edilməsidir. Kitabda, həmçinin 1998-ci və 2015-ci illərdə manatın ucuzlaşmasının makroiqtisadi göstəricilərə təsiri qiymətləndirilir, məzənnənin ucuzlaşmasının bəzi ölkələr üzrə təcrübəsi öyrənilir, dollar/avro məzənnəsi timsalında ABŞ dollarının məzənnəsinin tsiklik fazada rolu araşdırılır. Azərbaycanda gələcək məzənnə siyasətinin başlıca konturları cızılır.
Mövzunun nəzəri və praktiki nümunələrlə təqdim edilməsi geniş elmi ictimaiyyət, müvafiq ixtisas kurslarını tədris edən müəllimlər, maliyyə-bank sistemində çalışan mütəxəssislər üçün maraq doğura bilər.