İqtisadiyyat İnstitutunda şəhidlərin xatirəsi anılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun baş meneceri Şakir Alıyev bildirib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu Qələbənin əldə olunmasında qəhrəman Azərbaycan əsgərinin göstərdiyi igidlik, şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə örnək olacaq.
Tədbirdə Tanrıverdi Paşa, Şəfəq İslamova, Sevda Mikayılova, Famil Rüstəmov, Elnur Zeynalov və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində əldə olunmuş böyük Qələbədən, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işlərindən, insanların öz dədə-baba yurdlarında məskunlaşmasından danışıblar.
Qeyd edilib ki, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad olunub. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinin uca tutulduğu, onların ruhuna ehtiramla baş əydiyimiz gündür. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.