DÜNYA
İran dünyadan tam təcrid olmaq istiqamətinə sürətlə irəliləyir
Bakı, 13 dekabr, AZƏRTAC
Çin Səudiyyə Ərəbistanından istifadə edərək öz iqtisadiyyatını inkişaf etdirməyə çalışır, lakin Pekinin bu addımı İranın milli təhlükəsizliyinə xələl gətirməməlidir. İran heç bir dövlətə qırmızı xətti keçməyə imkan verməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran parlamentinin nümayəndəsi Əli Əkbər Əlizadə Çinin dövlət başçısı Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri zamanı iki dövlət arasında imzalanan birgə bəyannaməyə münasibət bildirərək deyib. O bildirib ki, bəyannamənin bir sıra bəndlərində İrana qarşı məqamlar var. Ən başlıcası, sənəddə deyilir ki, İran qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmalı, daxili işlərinə qarışmamalı və nüvə proqramını məhdudlaşdırmalıdır. İki böyük və dünya siyasətinə kifayət təsir etmək imkanına, həmçinin beynəlxalq nüfuza malik olan dövlətlər arasında imzalanan bəyannaməyə belə bəndlərin salınması ilk baxışdan təəccüblü görünə bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Çin rəhbəri Səudiyyə Ərəbistanı Kralı ilə regional təhlükəsizlik məsələsini də müzakirə edib. Bu da bəyannamədə İranın maraqlarına cavab verməyən bəndlərin yer almasına səbəb olub.
Ərazi bütövlüyü məsələsinə toxunaraq qeyd etmək lazımdır ki, burada söhbət körfəzdə 3 kiçik adadan gedir. Bu adalar mübahisəli hesab edilir. Birgə bəyannamənin digər bir bəndində İranın qonşu dövlətlərin daxili işlərinə qarışmaqdan imtina etməsinin zəruriliyi göstərilib. Məsələ burasındadır ki, İran Səudiyyə Ərəbistanının xarici siyasətinə təsir etmək məqsədilə Krallığın ərazisində bəzi dini qruplaşmaları maliyyələşdirir və onlardan istifadə edir. Belə siyasətlə İranın regionun sabitliyinə təhdid olduğunu nəzərə alan Çin rəhbəri bəyannaməni imzalayıb ki, bu da İranda əks reaksiyaya səbəb olub.
İran parlamentinin üzvü Çinə yanlış siyasi xətt tutduğu barədə xəbərdarlıq edildiyini də vurğulayıb. Halbuki, 2020-ci ildə Çinlə İran arasında strateji əməkdaşlıq haqqında 25 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, Çin İrana ilk 5 il ərzində 120 milyard dollar həcmində sərmayə yatıracaq. Lakin Çin sözügedən bəyannaməni dünyada baş verən münaqişələrə dair İranın mövqeyinin konstruktiv olmadığını müşahidə edərək imzalayıb.
İran hakimiyyətinin həyata keçirdiyi siyasət onun təklənməsinə gətirib çıxarıb. Qonşuları ilə “sıfır problem” siyasəti yürüdən rəsmi Tehran dünyadan tam təcrid olmaq istiqamətinə sürətlə irəliləyir.