CƏMİYYƏT
“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyasında fəal iştiraka səsləyir
Bakı, 21 fevral, AZƏRTAC
“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə keçirəcəyi aksiyaya fəal şəkildə qoşulmağa dəvət edir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi Azərbaycan xalqına qarşı törədilən soyqırımı, etnik təmizləmə və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, faciə haqqında geniş məlumatlandırma işi aparmaqdır.
Ümumilikdə 1000-dən çox gəncin iştirakı ilə keçiriləcək kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xarici dillərdə maarifləndirici, infoqrafik məlumatların tviterdə paylaşılması nəzərdə tutulub. “İrəli” gəncləri xaricdə yaşayan həmyerlilərimizin də iştirakı ilə üzərində “Justice for Khojaly” yazılan vərəqələrlə şəkillər çəkdirərək, müvafiq həştəqlərlə sosial şəbəkə hesablarında paylaşım edəcəklər.
Fevralın 27-dək davam edəcək aksiyaya qoşulmaq istəyən şəxslər tviterdə #Justiceforkhojaly, #KhojalyGenocide, #XocalıyaƏdalət, #Khojaly30, #Xocalı30, #HocalıKatliamı, #ireli2022 həştəqlərindən istifadə edərək soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən məlumatları paylaşmaqla faciə barədə obyektiv məlumatların daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.