İrlandiyalı turist: Belə nüfuzlu turnirin finalının keçirilməsi üçün Bakının seçilməsi düzgün qərardır
Bakı, 29 may, Əziz Məmmədov, AZƏRTAC
Mən 2008-ci ildən başlayaraq, Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarını hər il canlı izləyirəm. Bu il Avropa Liqasının finalı Azərbaycanın paytaxtında keçirilir. Mən bu şəfəq saçan təmiz şəhərə vuruldum. Bakıya dünən gəlmişəm, lakin bu qısa müddətdə dost qazana bilmişəm. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Məndə sizin xalqınız barədə çox yaxşı fikir yaranıb. Hesab edirəm ki, Avropa Liqası kimi nüfuzlu turnirin finalının keçirilməsi üçün Bakının seçilməsi düzgün qərardır.
Bu barədə AZƏRTAC-a müsahibəsində dostları ilə Bakıya UEFA Avropa Liqasının bugünkü final matçını izləməyə gəlmiş irlandiyalı azarkeş Cerald Moragen bildirib. İrlandiyalı turist sözlərini belə tamamladı: “Hesab edirəm ki, idman turnirlərinin final matçlarının keçirilmə coğrafiyası genişləndirilməlidir. Niyə bu cür nüfuzlu turnirlər həmişə İngiltərədə, Almaniyada, Fransada keçirilməlidir? Nəyə görə bu oyunlar Azərbaycanda və ya Ukraynada, Türkiyədə, Gürcüstanda təşkil edilməməlidir? Sizin dövlətiniz bu matçın keçirilməsinə yaxşı hazırlaşıb. Mən, həmçinin pulsuz nəqliyyat, azarkeşlərin identifikasiyası və digər yeniliklər kimi uğurlu təşəbbüsləri qeyd etməyə bilmərəm”.