İrpen şəhərindəki ümumtəhsil məktəbinə akademik Zərifə Əliyevanın adı verilib
Kiyev, 29 aprel, AZƏRTAC
Aprelin 28-də Ukraynanın İrpen şəhərində xarici dil təmayüllü 12 nömrəli I-III dərəcəli şəhər ümumtəhsil məktəbinə (linqvistika məktəbi) akademik Zərifə Əliyevanın adının verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Azərbaycanın tanınmış yazıçısı və publisisti, Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupu sədrinin müavini Elmira Axundova, Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov, Ukraynanın xalq deputatları, Ali Radanın Azərbaycan ilə parlamentlərarası əlaqələr işçi qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kiyevdəki nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Dnepropetrovsk Vilayət Sovetinin deputatı Fəxrəddin Muxtarov, diaspor və gənclər təşkilatlarımızın rəhbərliyi və fəalları, şəhər ictimaiyyətinin, Azərbaycan, Türkiyə və Ukrayna KİV-lərinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın adını daşıyan şəhər parkındakı abidəsi önünə tər çiçəklər düzüblər. Eynulla Mədətli, Elmira Axundova, Roman Nəsirpov, Elçin Məmmədov, İrpen merinin müavini Anastasiya Popsuy və başqaları dünya şöhrətli alim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədaqətli həyat yoldaşı Zərifə Əliyeva haqqında xoş sözlər deyiblər. Beşinci sinif şagirdi Dima Tarasenok isə təhsil aldığı məktəbə adı verilmiş akademik haqqında Azərbaycan dilində danışıb.
Sonra tədbirin çoxsaylı iştirakçıları İrpendə Zərifə Əliyevanın adını daşıyan mərkəzi küçə ilə 12 nömrəli I-III dərəcəli ümumtəhsil məktəbinə doğru gediblər. Məktəbin önündə Azərbaycanın və Ukraynanın milli geyimlərində olan yuxarı sinif şagirdləri fəxri qonaqları duz-çörəklə qarsalayıblar.
Daha sonra Zərifə Əliyevanın məktəbdəki muzeyinə baxış olub.
Direktor Valentina Antonenko məktəbə daim qayğı göstərdiyinə, onların akademik Zərifə Əliyevanın vətəni Şahtaxtı kəndinə səfərini təşkil etdiyinə görə Azərbaycan səfirinə minnətdarlığını bildirib.
Səfiri qeyd edib ki, bugünkü hadisə xalqlarımız arasında sarsılmaz dostluğun rəmzidir. Diplomat 2011-ci ildə məktəbdə akademik Zərifə Əliyevanın muzeyinin yaradılmasına görə Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin İrpen şəhər təşkilatının rəhbəri Namiq Quliyevə minnətdarlığını çatdırıb.
Öz növbəsində Elmira Axundova xatırladıb ki, 2003-cü ildə Bakının Qaradağ rayonu ilə İrpen arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında niyyət protokolu imzalanıb. Ukrayna tərəfi bu layihəni məmnuniyyətlə həyata keçirib. O, həmçinin Azərbaycanın ümumtəhsil məktəblərindən birinə görkəmli Ukrayna yazıçısı Lesya Ukrainkanın adının verilməsini təklif edib.
İrpen şəhərinin meri Vladimir Karplyuk məktəbə akademik Zərifə Əliyevanın adının verilməsi haqqında sertifikatı direktora təqdim edib. Sonra məktəbin özfəaliyyət kollektivinin iştirakı ilə bayram konserti olub.
Elmira Axundova AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib ki, üç il bundan əvvəl Azərbaycan - Ukrayna parlamentlərarası dostluq qrupunun üzvləri, o cümlədən özü Ukraynada olmuşdular. Səfər Zərifə Əliyevanın anadan olduğu günlə eyni vaxta düşdüyünə görə onlar şəhərinə gedib akademikin adını daşıyan parkı ziyarət etmiş, linqvistika məktəbində onun böyük məhəbbətlə yaradılmış muzeyinə baxmışdılar. O vaxt məktəbin direktoru Valentina Sergeyevna Antonenko pedaqoji kollektivin bu tədris müəssisəsinə Zərifə Əliyevanın adının verilməsini istədiyini bildirmişdi. Bu məsələ ilə əlaqədar yazışma başlanmışdı. Lakin bir il əvvəl Ukraynanın şərqində baş vermiş hadisələr məsələnin həllini təxirə saldı. Bu qış bir qrup Ukrayna yazıçısı bütünlüklə Azərbaycan ədəbiyyatına həsr olunmuş “Vsesvit” (“Kainat”) jurnalının təqdimatında iştirak etmək üçün Bakıya gəlmişdi. Nümayəndə heyətinin tərkibində Ukrayna parlamentinin deputatları Sergey Taruta və Mariya Matios da vardı.
Bu barədə danışan E.Axundova deyib: “Biz parlament qrupumuzun rəhbəri Eldar İbrahimovla birlikdə onlara İrpendəki məktəbdən və hər iki tərəfin bu tədris müəssisəsinə Zərifə Əliyeva adına məktəb rəsmi statusunun verilməsini istədiyindən danışdıq. Bundan başqa, biz Ali Radada Ukrayna - Azərbaycan dostluq qrupunun yaradılmasını xahiş etdik. Sergey Taruta yüksək səviyyəli xahişə diqqətlə yanaşdı. Çox keçmədən öyrəndik ki, Ali Radada Azərbaycan ilə parlamentlərarası dostluq qrupu yaradılıb və ona həmvətənimiz Roman Nəsirov rəhbərlik edir. Sonra Valentina Antonenko mənə xoş xəbəri çatdırdı: Sergey Taruta İrpen şəhərinin meri ilə görüşərək Azərbaycan deputatlarının istəyini ona yetirib. Bu yaxınlarda isə məlum oldu ki, şəhər sovetinin sessiyası Kiyev vilayətinin İrpen şəhərindəki linqvistika məktəbinə Zərifə Əziz qızı Əliyevanın adının verilməsi barədə qərar qəbul edib”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev