“İrsimizi yaşadaq!” layihəsi çərçivəsində ekskursiya
Bakı, 13 dekabr, AZƏRTAC
DOST Agentliyinin “Könüllü DOST” proqramının “İrsimizi yaşadaq!” layihəsi həyata keçirilib.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları Balaxanı və Qala qəsəbələrinə aparılıblar.
Şəhid övladları Könüllü DOST-larımızın dəstəyi ilə qədim “Dulusçuluq” və “Qurama” sənətləri ilə əlaqədar master-klaslara cəlb olunub, həmin qəsəbələrin tarixi, memarlığı, qədim sənət nümunələri ilə bağlı ekskursiyada iştirak ediblər.
Məqsəd unudulmaqda olan incəsənət növlərinin gələcək nəsillərə ötürülməsi, şəhid övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən, bir sıra tarixi məkanlar haqqında ilkin təəssüratın formalaşdırılmasıdır.
Qeyd edək ki, layihənin müəllifi Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə elan edilən “Könüllü Təşəbbüslər” qrant müsabiqəsinin qalibi, “İlin Könüllüsü” Ümüd Abbaszadədir.