İslam Baxşəliyev: Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən güclü vasitədir
Bakı, 8 iyul, AZƏRTAC
ADA Universitetində azərbaycanlı gənc rəssamların Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq ərsəyə gətirdikləri əsərlərdən ibarət sərginin əsas məqsədi mədəni incəsənət diplomatiyasının əhəmiyyətini nümayiş etdirmək, Azərbaycan ilə Misir arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verməkdir. Mədəniyyət və incəsənət xalqları bir-birinə yaxınlaşdıran, qarşılıqlı anlaşma və dialoqu gücləndirən ən təsirli vasitələrdəndir. Məhz buna görə də mədəni incəsənət diplomatiyası bu gün Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev səsləndirib.
O bildirib ki, belə sərgilər vasitəsilə Azərbaycan incəsənəti, ölkəmizin zəngin mədəni irsi və istedadlı gənc rəssamların yaradıcılığı beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunur.
“Artıq 15 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində sərgilər təşkil edirik. Bu müddət ərzində beş qitədə 28 beynəlxalq sərgi keçirmişik. Azərbaycanda son sərgimiz 2015-ci ildə baş tutmuşdu. Bu gün isə həmin ənənəni yenidən bərpa edərək ADA Universitetində mədəni incəsənət diplomatiyasına həsr olunmuş bu sərgini təqdim etdik”, – deyə o vurğulayıb.
İslam Baxşəliyev sərginin məhz Misirə həsr olunmasının təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Misir dünyanın ən qədim və zəngin sivilizasiyalarından birinə malik olmaqla, bəşəriyyətin mədəni irsinə mühüm töhfələr verən ölkələrdəndir. Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətləri və uğurlu əməkdaşlıq da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb.
Direktor qeyd edib ki, sərgidə 32 azərbaycanlı rəssamın ümumilikdə 64 əsəri nümayiş etdirilir. Hər bir müəllif iki əsərlə təmsil olunur. Bu əsərlərdən biri Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq yaradılıb, digəri isə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətini əks etdirir.
“İnanırıq ki, bu layihə mədəni incəsənət diplomatiyası sahəsində yeni bir ənənənin əsasını qoyacaq. Gələcəkdə də müxtəlif ölkələrin səfirlikləri ilə əməkdaşlıq edərək oxşar sərgilər təşkil etməyi planlaşdırırıq. Məqsədimiz həm digər xalqların mədəniyyətini Azərbaycanda tanıtmaq, həm də Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə daha geniş təbliğ etməkdir”, – deyə İslam Baxşəliyev əlavə edib.