İsmayıllıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
İsmayıllı, 3 mart, AZƏRTAC
Respublikamız növbəti prezident seçkiləri ərəfəsindədir. Aprelin 11-nə təyin edilən seçkilərə az bir vaxt qalıb. Cəmiyyətimiz qarşıdan gələn bu mühüm kampaniyaya köklənib. Təbii ki, xalqımız inkişafın, sabitliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarı olmaqla, əsl namizədə səs verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər İsmayıllıda Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ilk dəfə səs verəcək gənclərlə görüşdə səsləndirilib.
Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov qarşıdan gələn seçkilərin ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıdığını bildiriblər.
Natiqlər həyata keçirilən dövlət-gənclər siyasətindən danışıb, gənclərin rayonun ictimai-siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıb, ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən işlərdən söz açıblar.
Dairə seçki komissiyasının üzvü Hacıməmməd Məmmədov, polis şöbəsinin əməkdaşı Rahim Orucov və başqaları Seçki Məcəlləsi barədə iştirakçılara ətraflı məlumat veriblər.