İSPANİYA FRANKO REJİMİNİN QURBANLARINA KOMPENSASİYA ÖDƏYƏCƏK
Təqiblər nəticəsində vətəni tərk etməli olmuş şəxslər, keçmiş məhbuslar və edam edilmiş insanların qohumları kompensasiya almaq üçün bir ay ərzində ərizə verə bilərlər.
Hökumət kompensasiyaların ödənilməsi üçün 20 milyon avro ayırmağı planlaşdırır.
Lakin qanun layihəsində diktatura illərində Franko rejiminin əleyhdarları barəsində çıxarılmış hökmlərin ləğv edilməsi nəzərdə tutulmur. Halbuki Franko diktaturasından zillət çəkmiş şəxslərin çoxsaylı təşkilatları məhz bunu tələb edirlər.
Sənəddə Franko rejimini xatırladan rəmz və yazılardan istifadəyə qadağa qoyulur və yerli hakimiyyət orqanlarından xahiş olunur ki, diktatorun şərəfinə adlandırılmış küçə və meydanların adlarını dəyişdirsinlər.
İspaniya baş nazirinin müavini Mariya Teresa Fernandes de la Veqa demişdir: “Qanun layihəsi köhnə yaraları sağaltmağa kömək etməlidir”. Xanım Veqa ümidvar olduğunu bildirmişdir ki, sənədin qəbul edilməsi İspaniyaya ölkə tarixinin faciəli səhifəsini şərəflə bağlamağa imkan verəcəkdir.
Xatırladaq ki, 1939-cu il 4 avqust tarixli dekretlə Franko İspaniyanın “yalnız Allah və tarix qarşısında cavabdeh olan ömürlük ali hökmdarı” elan edilmişdir. 1969-cu ildə Franko XIII Alfonsun nəvəsi, İspaniyanın gələcək kralı şahzadə Xuan Karlosu öz varisi elan etmişdi. 1973-cü ildə o, baş nazir vəzifəsindən imtina etmiş, lakin dövlət başçısı və ordunun ali baş komandanı vəzifələrini özündə saxlamışdı.