İspaniya portalı Azərbaycan Ordusunun Qələbəsi barədə geniş material yayıb
Madrid, 11 noyabr, AZƏRTAC
İspaniyanın geniş oxucu kütləsinə malik “El Confidencial” elektron portalı Azərbaycanın Qarabağda çaldığı zəfər barədə məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanatın müddəaları, habelə sözügedən bəyanatın iştirakçı ölkələrin xalqları tərəfindən necə qarşılanması əksini tapıb.
Yazıda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında 40 gündən çox davam edən hərbi əməliyyatın Ordumuzun qələbəsi ilə yekunlaşdığı, məğlub olmuş Ermənistanın baş naziri Nikol Paşinyanın Yerevanda “satqın” kimi qarşılandığı qeyd edilir.
Azərbaycanın tarixi Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan Silahlı Qüvvələrinin qələbəsinə əhəmiyyətli töhfə verdiyi vurğulanaraq, Ordumuzun işğal altındakı ərazilərimizi qısa müddət ərzində azad etdiyi diqqətə çatdırılır.
Noyabrın 10-da imzalanan birgə bəyanatın Azərbaycanın Qələbəsini bir daha təsdiq etdiyi, sözügedən sənədin Ermənistanda böyük etirazlarla qarşılandığı qeyd olunur.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxmalıdır.
Məqalədə Ermənistanda iğtişaşların başladığı, etirazçıların hökumət və parlament binalarını ələ keçirdiyi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu diqqətə çatdırılır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid