İSRAİL KNESSETİNDƏ XOCALI SOYQIRIMI ILƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 18-də İsrail Knessetində İsrail Azərbaycanlıları Konqresinin (İAK) və Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan numayəndəliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
İsrail parlamentinin deputatları David Tal, İsrail Katz, Ran Kohen, Zeev Elkin və Marina Solodkinanın iştirak etdikləri tədbirdə İAK-ın prezidenti Aleksander Şapiro-Süliman Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəvi səhifələrdən olduğunu, azərbaycanlıların zaman-zaman erməni cəlladlar tərəfindən etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını və öz tarixi torpaqlarından qovulduqlarını bildirmişdir.
DAK Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev 1948-1953-cü illərdə indiki Ermənistan Respublikası ərazilərindən 150 min, 1988-ci ildə isə 250 mindən çox azərbaycanlının qovulduğunu bildirmiş, monoetnik Ermənistan dövlətinin məhz Azərbaycan torpaqlarında yarandığını diqqətə çatdırmışdır. O, 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində 613 nəfər dinc sakinin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq və 70 qocanın öldürüldüyünü, mindən çox adamın əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, şəhərin viran qoyulduğunu bildirmişdir.
İ.Ağayev 1918-ci ildə Qubada ermənilərin təkcə azərbaycanlıları deyil, yəhudiləri də kütləvi şəkildə qətlə yetirdiklərini və qətlə yetirilmiş yəhudilərdən 118 nəfərinin kimliyinin müəyyənləşdirildiyini demişdir.
O, İsrail millət vəkillərindən Xocalı soyqırımı məsələsini Knessetinin iclasların birində muzakirəyə çıxarmasını və soyqırımı aktı kimi tanınmasına səy göstərmələrini xahiş etmişdir.
Knessetinin deputatları bəyan etmişlər ki, dünya ictimaiyyəti bu cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldildiyini bilməlidir. Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri, o cümlədən İsrail Knesseti Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidir.
Tədbirin sonunda Qubada erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş yerli əhalinin basdırıldığı kütləvi məzarlıq haqqında video və fotomateriallar, Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” bukletlər toplusu, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında materiallar Knessetin deputatlarına verilmişdir.
######
