İsveçin Höteborq şəhərində Zəfər bayramına həsr olunan tədbir təşkil olunub
Stokholm, 4 noyabr, Rauf Əliyev, AZƏRTAC
İsveçin ikinci böyük şəhəri Höteborqda, Zəfər bayramına həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının və Qarabağ Azadlıq Mərkəzi dərnəyinin təşəbbüsü ilə baş tutan tədbir, ölkəmizin tarixi Qələbəsinin birinci ildönümünə həsr olunub.
Azərbaycanın Dövlət Himni və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə, İsveçin müxtəlif bölgələrindən gəlmiş diaspor fəalları çıxış edərək, uzun mübarizə nəticəsində ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, 44 gün davam edən müharibədə xalqımız Azərbaycan Ordusunun, dövlətimizin başçısının ətrafında bir yumruq kimi birləşərək, tarixi Zəfər əldə edib.
Tədbir çərçivəsində İsveç Azərbaycanlıları Koordinasiya Şurasının sifarişi ilə Zəfər bayramına həsr olunan xüsusi film nümayiş olunub.
Çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov, Azərbaycan xalqının Zəfərinin əhəmiyyətini qeyd edərək, bu Qələbə ilə xalqımızın işğal altında olan torpaqlarının qaytarılması ilə tarixi ədalətin bərqərar olduğunu bildirib.
Bədii hissədə, mərasim iştirakçılarına milli musiqilərimiz və şeirlər təqdim edilib
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm